Kilian Mbappe: “Biz acıq və ölkəmizin tarixinə düşmək istəyirik”

Fransa yığmasının hücumçusu Kilian Mbappe Avropa çempionatında (AÇ-2024) “xoruzlar”ın öz qarşısına qoyduğu vəzifələrdən danışıb.

Arena.az ulduz futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Bizim həmişə bir məqsədimiz var – qələbə qazanmaq. İki il əvvəl biz dünya çempionatının finalında oynamışdıq. Məqsədimiz istər-istəməz bu mərhələyə çıxıb qalib gəlməkdir. Bu, asan olmayacaq, rəqabətəqadir komandalar çoxdur. Bəlkə də İtaliya da onların arasında olacaq.

Biz acıq və ölkəmizin tarixinə düşmək istəyirik. Artıq Millətlər Liqasının və Dünya Kubokunun qalibi olmuşam, Avropa çempionatını da qazansam, millinin tərkibində mümkün olan hər şeyi qazanmış olacağam. Komandamla tarix yazmaq istəyirəm”, deyə Mbappe vurğulayıb.

Qeyd edək ki, iyunun 14-də Almaniyada start götürəcək AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq. Fransa yığması “D” qrupunda Niderland, Avstriya və Polşa yığmaları ilə mübarizə aparacaq.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib. O, bu oyunlarda 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xatırladaq ki, Mbappe cari mövsümün bitməsilə Fransa çempionu PSJ-dən ayrılacaq. Ulduz futbolçunun azad agent qismində İspaniya nəhəngi “Real”a keçəcəyi iddia edilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: