PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe klubla cari müqaviləsinə əsasən qazanmalı olduğu 80 milyon avro mükafatı almayacaq.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, müvafiq qərarın təşəbbüskarı futbolçunun özü olub.
Ehtimal edilir ki, yəqin, Mbappe üstəliklərdən imtina etməklə, pulu birinci yerə qoymadığını göstərmək istəyir. Kilianın bu qərarı PSJ-də əminlik yaratmağa hesablanmış addım kimi qiymətləndirilir. Belə ki, komandanın əsas qolçusu xaricdən gələcək gerçək təklifə müsbət cavab vermək qərarına gələrsə, bunun müqabilində klubun çox pul itirməsinin qarşısını almağı almağa çalışır.
Mənbə vurğulayır ki, indi Mbappenin taleyi yalnız özündən asılıdır. Cari mövsümün bitməsi ilə PSJ-yə müqaviləsi başa çatacaq Mbappenin xidmətinə hazırda “Real” əsas iddialıdır. Həmçinin “Bayern” fransalı hücumçunun mümkün transferini istisna etmir. Bu arada, “Liverpul” da Mbappenin transferində maraqlı tərəf kimi göstərilir.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 15 oyuna çıxıb, 15 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 74 oyun keçirib, 46 qol vurub, 28 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


