“Real”ın yeni hücumçusu Kilian Mbappe 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün Fransa yığmasının heyətinə daxil edilməyib.
Arena.az xəbər verir ki, bu gün Fransanın futbol üzrə Olimpiya yığma komandasının baş məşqçisi Tyerri Anri Paris-2024 üçün heyəti açıqlayıb.
Gözlənilənlərin əksinə olaraq, Mbappenin adı bu siyahıda yer almayıb.
Xatırladaq ki, 2024-cü ilin Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
Xatırladaq ki, bu gün İspaniya nəhəngi “Real” PSJ-dən azad agent kimi ayrılmış Kilian Mbappenin keçidini rəsmən elan edib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.
Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.
Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


