PSJ və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe Kamerunda keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.
Arena.az bu barədə “Le Parisien”ə istinadən məlumat verir.
Müvafiq qərar ulduz hücumçunun gəlişi ilə hava limanında yaranmış həyəcanla əlaqədar, təşkilatçılar tərəfindən qəbul edilib. PSJ-nin ulduzunu hava limanında təxminən iki min adam qarşılayıb və yerli polis kütləni idarə etməkdə çətinliklərlə qarşılaşıb. Bununla əlaqədar olaraq, Mbappeni daha da çox tamaşaçı tutumuna malik stadionda riskə atmamaq haqda müvafiq qərar verilib.
Kilian Mbappe ilk dəfədir ki, atasının vətənini ziyarət edir. Səfər planı çərçivəsində Mbappe Kamerunun ikinci divizion komandası ilə yoldaşlıq görüşündə iştirak etməli idi.
24 yaşlı Mbappe geridə qalmış 2022/2023 mövsümündə PSJ-nin heyətində 43 oyun keçirib, 41 qol vurub, 10 məhsuldar ötürmə verib, parislilərlə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast futbolçusu olub və ən yaxşı oyunçusu seçilib.
Hazrıda Mbappenin PSJ ilə münasibətləri gərilmiş haldadır. Klub ulduz hücumçusu ilə müqaviləsini yeniləməkdə israrlı olsa da, Mbappe hələ də müvafiq razılaşmanı imzalamayıb.
Mətbuatın bir qismi Mbappeni “Real”a göndərir, digər tərəfdən isə Mbapenin özünün bu qarşıdakı mövsümün sonuna qədər PSJ-də qalmaq istədiyi vurğulanır. Yaranmış vəziyyət qeyri-müəyyənliyi səciyyəvidir. PSJ Mbappe ilə müqavilə imzalaya bilməyəcəyi halda ulduz hücumçusunu satmaqda israrlıdır.


