Fransa yığmasının və Madrid “Real”ının ulduz hücumçusu Kilian Mbappe Korsika adasında yerləşən restoranlardan birinə baş çəkib.
Arena.az bu barədə “Corse Martin” dərgisinə istinadən məlumat verir.
Daha əvvəl İsveçin paytaxtı Stokholmun gecə klublarında birində olduğu ortaya çıxmış Mbappe, bu dəfə xüsusi qüvvətləndirilmiş müşayiət altında olub ki, mətbuatın gözündən yayına bilsin. Doğrudan da Mbappenin ətrafı bunun üçün yaxşıca tədbir görə bilib, fransalı ulduzun şəklini çəkmək mümkün olmayıb. Amma şahidlərin sözlərinə görə, Mbappe restoranda cangüdəni və naməlum bir qızla peyda olub.
Xatırladaq ki, daha əvvəl Fransa yığmasının baş məşqçisi, fransız mütəxəssis Didye Deşam 25 yaşlı futbolçunun zədədən sağalma mərhələsindən keçdiyi üçün “xoruzlar”ın düşərgəsinə çağırılmadığını bildirmişdi.
Mbappe özünün bərbad idman forması mənzərəsində yenidən tənqid seli ilə üzləşib. Fransa futbol ictimaiyyəti “xoruzlar”ın kapitan sarğısını daşıyan futbolçunun gecə klublarını və restoranları gəzib-dolaşması, bunu açıq-aydın, yığma komandanın oyunları vaxtı, “belə də olmalıdır” üslubunda etməsi ilə razılaşmır. Fransada Mbappenin yığma komandada kapitanlıqdan məhrum edilməsini tələb edirlər.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


