Kilian Mbappe Kristiano Ronaldoya çatdı

İspaniya La Liqasının “Leqanes”lə 29-cu tur ev oyunu “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Mbappe “qaymaqlılar”ın 3:2 hesablı qələbəsinə biri penaltidən olmaqla, dübarə qolla töhfəsini verib.

Bu, Mbeppenin “Real” üçün debüt mövsümündə bütün yarışlar çərçivəsində keçirdiyi 45-ci oyununda 32-ci və 33-cü qolları olub. Beləliklə, Mbappe “qaymaqlılar” üçün ilk mövsümündə vurduğu qolların sayına görə, “Real”ı keçmiş ulduz hücumçuları – portuqal futbolçu Krostiano Ronaldo və niderlandlı futbolçu Rud van Nistelroya çatıb.

Xatırladaq ki, müvafiq göstəricidə mütləq rekordçu “Real”ın çilili keçmiş hücumçusu İvan Samoranodur – 37 qol.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Artıq bildirdiyimiz kimi, cari mövsümdə Mbappe “Real”ın heyətində 45 oyuna çıxıb, 33 qol vurub, 5 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 88 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: