PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe gələcəyi haqda verdiyi açıqlaması ilə diqqət çəkib.
Arena.az “GQ France” dərgisinə istinadən, Mbappenin bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Futbol tarixində iz qoymuş bir çox böyük oyunçu bu yay Avropanı tərk etdi, biz isə futbolun yeni dövrünə qədəm qoyuruq. Bu, müvafiq idman növünün adi dövrüdür və nə vaxtsa ayrılma növbəsi mənə çatacaq”, deyə Mbappe bildirib.
Xatırladaq ki, Mbappenin yay transfer pəncərəsində karyerasını “Real”da davam etdirə biləcəyi ehtimalı var.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 26 qol vurub, 4 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


