PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe Marseldəki kababxanalardan birini məhkəməyə vermək istəyir.
Arena.az bu barədə Fransanın “RMC Sport” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Mbappenin vəkilləri müəssisənin Kilianın icazəsi olmadan fransalı ulduz futbolçunun adından kommersiya məqsədləri üçün istifadə etdiyini müşahidə ediblər. Belə ki, kabab dükanının menyusunda “Mbappenin kəllə sümüyü kimi yumru” adı ilə təsvir edilmiş kökə ilə kabab yer alıb.
Vurğulanır ki, adı menyuda hallanan yeganə ulduz Mbappe deyil. Məsələn, kababxana Fransa yığmasının sabiq yarımmüdafiəçisi Dimitri Payetə həsr etdiyi blinçiklər hazırlayır.
Təxmin edilir ki, müəssisə cərimə ödəməyə mükəlləf ediləcək.
Xatırladaq ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 34 qol vurub, 7 məhsuldar ötürmə verib. Onun PSJ karyerası bütövlükdə 295 oyun, 246 qol və 105 məhsuldar ötürmədən ibarətdir.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


