Kilian Mbappe Niderland və Polşa ilə oyunları buraxacaq?

Fransa yığmasının hücumçusu Kilian Mbappe AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Niderlandla oyunu buraxa bilər.

Arena.az xəbər verir ki, ilk turda baş tutmuş Avstriya ilə oyunda burnu sınmış futbolçunun durumu ciddidir.

Baxmayaraq ki, Mbappenin Düsseldorf xəstəxanasında aparılmış müayinəsinin ilk nəticələri nikbin olub. Əvvəllər planlaşdırıldığından fərqli, Mbappe üzərində cərrahi əməliyyatın keçirilməməsinə qərar verilib. Hücumçu xəstəxananı tərk edib və hətta məşqçilər qərargahı müvafiq qərar verərsə, Niderlandla növbəti oyun üçün komandaya qoşula bilər. Amma onun bu matçda iştirak etməsi ehtimalı azdır.

Lazım gələrsə, Mbappe qrup mərhələsinin sonuncu, 3-cü turunda Polşa ilə oyuna çıxa bilər. Lakin Mbappenin qrup mərhələsinin yerdə qalan hər iki oyununu ümumiyyətlə buraxması ehtimalı da yüksəkdir.

Fransa yığmasının baş məşqçisi Didye Deşam Mbappenin durumu barədə bunları dilə gətirib:

“O, özünü yaxşı hiss etmir, vəziyyəti pisdir. O, tibb işçilərinin əlindədir. Mən sizə daha artığını deyə bilmərəm. Onun burnu zədələnib, bu, dəqiqdir. Qərarlar veriləcək. Mən onun masaj masasında uzandığını gördüm, bu, cızıq deyil. Mbappe diqqət mərkəzindədir, bu, təbiidir. Bacardığımız qədər bütün məlumatları sizə təqdim edəcəyik”, deyə Deşam vurğulayıb.

“Xəbərlər olduqca ümidverici idi”

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo da Mbappenin zədələnməsindən danışıb: “Xəbərlər olduqca ümidverici idi, çünki biz əməliyyatdan danışmırıq. Onun yarışın qalan hissəsində iştirakına gəlincə, vaxtını açıqlamaq hələ tezdir”, deyə Diallo vurğulayıb.

Fransa yığmasının hücumçusu Olivye Jiru da komanda yoldaşının durumundan söz açıb: “Ümid edirik ki, o, çox tez sağalacaq, bu, kiçik xoşagəlməzlikdir. Bilirəm, bu, çox ağrılıdır. Bu, əvvəllər mənim də başıma gəlib”, deyə Jiru bildirib.

Yeri gəlmişkən, İspaniyanın “Real” klubu da Kilian Mbappenin burnunun sındırmasından son dərəcə narahatdır. Bu barədə “qaymaqlılar”ın düşərgəsindən məlumat sızdırılıb:

“Biz Kilianın zədəsindən narahatıq, amma iyulun 1-dək o, rəsmi olaraq bizim oyunçumuz deyil. Fransa yığması Avropa çempionatında olduğundan, onların “Real”ın maraqlarını deyil, öz maraqlarını düşünməsi təbiidir. O vaxta qədər bizim əl-ayağımız bağlıdır”, – “Real” düşərgəsindən mətbuata sızdırılmış məlumatda deyilir.

Xatırladaq ki, Avstriya yığması ilə oyunun 86-cı dəqiqəsində Kilian Mbappe rəqib müdafiəçi Kevin Danso ilə hava mübarizəsi zamanı burnunu sındırıb. Bundan sonra ulduz hücumçu əvəz edilib və daha sonra dərhal Düsseldorfdakı xəstəxanalardan birinə çatdırılıb. İlk xəbərlərdə onun əməliyyat olunduğu bildirilirdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: