PSJ və Fransa yığmasının ulduzu Kilian Mbappe futbolçulara milli komandalarının oyunlarında iştirak üçün ödənilən qonorardan danışıb.
Arena.az “Sporx” dərgisinə istinadən, ulduz hücumçunun bu barədə fikirlərini təqdim edir:
“Futbolçuların milli komandalarından pul alması mənə gülməli gəlir. Siz ölkənizi təmsil etdiyiniz üçün pullar almamalısınız”, deyə Mbappe bildirib.
Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 38 qol vurub, 8 məhsuldar ötürmə verib.
Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 297 oyun, 250 qol, 106 məhsuldar ötürmə.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 76 oyun keçirib, 46 qol vurub və 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


