PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappe parislilərdən aldığı 70-80 milyon avro məbləğində sadiqlik bonuslarından imtina edib.
Arena.az bu barədə jurnalist Ben Ceykobsun əldə edib ictimailəşdirdiyi məlumata istinadən bildirir.
Mənbənin məlumatına görə, cari mövsümün sonunda PSJ-dən azad agent qismində ayrılmağa hazırlaşan və Fransa nəhəngi ilə müqaviləsini yeniləmək niyyətində olmayan Mbappe, ötən yay PSJ ilə müqaviləsini yeniləyə biləcəyi halda ala biləcəyi ödənişlərin bir hissəsini artıq itirib.
Vurğulanır ki, ulduz hücumçu qərarını dəyişib PSJ-nin futbolçusu olaraq qalmaq istəsə, sadiqlik bonusu kimi bu nağd ödənişləri yenidən əldə edə biləcək.
Müstəqil təhlilçilər belə hesab edirlər ki, PSJ ilə Mbappe artıq yollarını ayırmaq üzrədirlər və fransalı ulduz kluba əlavə ziyan vermədən və yük olmadan ayrılmğa hazırlaşır.
Mətbuatda yayılmış xəbərlərə görə, fransalı ulduzun transferi məsələsində “Real” ön sıradadır. İngiltərə nəhəngi “Liverpul” da Mbappeyə iddia edir.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 22 qol vurub, 2 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


