Futbol üzrə Fransa çempionatının (Liqa 1) 31-ci turunun “Lans”la ev oyunu PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. Arena.az xəbər verir ki, komandasının 3:1 hesablı qələbəyə sevindiyi bu matçda qollardan birini də fransalı futbolçu vurub.
O, 31-ci dəqiqədə fərqlənməklə matçda hesabı açıb. Mbappe bu qol sayəsində PSJ tarixinin Fransa çempionatındakı ən yaxşı bombardirinə çevrilib. Belə ki, 24 yaşlı hücumçu Liqa 1-də indiyə qədər 139 qola imza atıb ki, bu da rekord göstəricidir. O, bu rekordu 169-cu çempionat matçında rəsmiləşdirib.
Mbappedən əvvəl PSJ-nin Liqa 1-dəki ən yaxşı bombardiri Edinson Kavani idi. Uruqvaylı forvard vaxtilə Paris təmsilçisinin heyətində ölkə çempionatında 138 dəfə fərqlənmişdi. Siyahıda üçüncü yeri Zlatan İbrahimoviç tutur – 113 qol.
Xatırladaq ki, Kilian Mbappe 2018-ci ilin iyul ayında “Monako”dan 180 milyon avro qarşılığında PSJ-yə keçib. O, Paris təmsilçisinin heyətində indiyə qədər keçirdiyi 253 oyunda 203 qol vurmaqla yanaşı, 97 məhsuldar ötürmə müəllifi də olub.
Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 36 oyunda 32 qol vurub və 9 məhsuldar ötürmə verib. O, Fransa milli komandasında da 67 oyuna 38 qol vurub.
PSJ Liqa 1-də bu mövsüm topladığı 72 xalla turnir cədvəlində vahid liderdir. Komandanın növbəti çempionluğunu qarşıdakı turların birində rəsmiləşdirməsi gözlənilir.
Sonda onu da bildirək ki, Mbappenin PSJ ilə mövcud müqaviləsinin müddəti 2025-ci ilin yayına kimidir.


