Kilian Mbappe PSJ-də daha bir rekorda imza atdı

Fransa Kubokunun 1/32 final mərhələsində “Revel”ə qarşı səfər oyunu parislilərin ulduz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, PSJ-nin 9:0 hesabı ilə qələbə qazandığı oyunda Mbappe üç qol vurub və bununla da PSJ-nin tarixində Fransa Kubokunda ən çox qol vurmuş oyunçu olub.

Buna qədər əvvəlki rekord 28 qol vurmuş Fransua M’Peleyə məxsus idi.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 25 qol vurub, 3 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: