Fransa Super Kuboku uğrunda “Tuluza”ya qarşı oyun (2:0) PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, 44-cü dəqiqədə parislilərin 2-ci qoluna imza atmış Mbappe PSJ-nin ev oyunlarını qəbul etdiyi “Park de Prens” stadionunda ən çox qol vurmuş futbolçu olub – 111 qol.
Buna qədər əvvəlki rekord PSJ-nin uruqvaylı mərkəz hücumçusu Edinson Kavaniyə məxsus idi – 110 qol. Kavani bu nailiyyətini 2013-2020-ci illər ərzində qazanmışdı.
Super Kubokda qəlbədən sonra Mbappe özünün sosial şəbəkə hesabları üzərində müvafiq hadisəyə dair şəkil paylaşıb və bu məqamı “Tarix…”, deyə şərh edib.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 22 qol vurub, 2 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.



