Kilian Mbappe PSJ-ni pis vəziyyətə salmağa davam edir

PSJ-nin fransalı ulduz hücumçu Kilian Mbappe qərarsızlığı ilə Paris nəhəngini mümkün maliyyə problemləri ilə üz-üzə qoyub.

Arena.az bu barədə “The Athletic”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ulduz hücumçu klubu azad agent qismində tərk edərsə, PSJ maliyyə feyr-pleyi məsələrində ciddi problemlərlə üzləşə bilər.

Mbappenin PSJ-dən mümkün sərbəst gedişi Paris klubunu oyunçularını satmağa məcbur edəcək. Belə bir potensial təhlükəyə görə Fransa nəhəngi bir neçə alış transferi ilə bağlı danışıqları dayandırmaq qərarına gəlib. Siyahıda parislilərin əsas transfer hədəflərindən olan “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın transferi ön sırada gəlir.

PSJ-nin bəzi potensial investorları Mbappenin müqaviləsinin o qədər böyük olduğuna inanırlar ki, bunun klub üçün problemə çevrildiyinə inandıqları vurğulanır.

Xatırladaq ki, Kilian Mbappe PSJ ilə müqaviləni uzatmaqdan imtina edir. Ulduz hücumçunun gah nala, gah da mıxa vurması ilə tutduğu qeyri-müəyyən mövqe klubun maliyyə məsələlərində risk altında düşməsi ilə yanaşı, komandanın strateji planlarına da təsirsiz ötüşmür. Hazırda Paris nəhənginin rəhbərliyi komandanı Mbappenin ətrafında və ya ulduz hücumçusuz quracağına əmin deyil.

Bu arada PSJ-nin yeni baş məşqçisi Luis Enrike komandanı qarşıdakı mövsümdə Mbappesiz də çalışdırmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, Mbappenin PSJ ilə cari müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Uluz futbolçunu heyətinə qatmağa iddialı və imkanlı olan “Real” yaranmış vəziyyətdə sakitcə gözləmə mövqeyi ilə fürsət məqamını güdür. “Kral klubu” Mbappeni daha az xərclə, mümkünsə havayı ələ keçirməkdə maraqlıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: