Kilian Mbappe PSJ rəhbərliyini tənqid etdi: “Sehrbaz deyiləm”

Kilian Mbappe PSJ-nin nədən Çempionlar Liqasını qazana bilmədiyini klub rəhbərliyindən soruşmağı təklif edib.

Arena.az Mbappenin “France Football”a müsahibəsindən bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“UEFA Çempionlar Liqasını qazanmaq üçün PSJ-nin nəyinin əskik olduğunu bilmirəm, bu, mənlik deyil. Əlimizdən gələni etdik, vəssəlam. Siz bunu komandanı yığan, işi təşkil edən, bu klubu quran kəslərdən soruşmalısınız.

Sadəcə öz işimi bacardığım qədər yaxşı icra etməyə çalışıram. Bu mövsüm klub üçün qırxa yaxın (41 – red), yığma komanda üçün onlarla (13 – red.) qol vurmuşam. Ardıcıl beşinci ildir ki, Liqa 1-in ən yaxşı oyunçusu, bombardiriyəm.

Təəssüf ki, Çempionlar Liqasında “Bayern”ə qarşı ilk oyun ərəfəsində zədələndim, cavab oyununda isə aciz qaldıq. Amma qrup mərhələsində, fikrimcə, ən vacib oyunçu mən idim.

Öz standartlarımla daha yaxşısına nail ola bilərdim, amma mən də sehrbaz deyiləm. Digər oyunçular da bütün güclərini verdilər. Bəzən futbolda şüşə tavan deyilən anlayışla üzləşirsən. Buna görə də bu sual mənə deyil, daha çox, yüksəkdə oturanlaradır”.

Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə Kilian Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, parislilərlə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrast futbolçusu olub və çempionatın ən yaxşı oyunçusu seçilib.

Bunla yanaşı, Mbappe 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında Fransa yığması ilə turnirin gümüş mükafatçısı olub, 8 qolla mundialın ən sərrast futbolçusu adını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: