Fransa yığmasının və Madrid “Real”ının ulduz hücumçusu Kilian Mbappe geniş müsahibə verib və müsahibəsində bir çox xüsusa toxunub.
Arena.az fransalı ulduzun “Canal+” televiziyasına müsahibəsindən əsas məqamları təqdim edir.
Qardaş üçün verilmiş qurban…
Kilian öz kiçik qardaşı Etan Mbappenin xatirinə Fransa nəhəngi PSJ ilə müqaviləsinin müddətini uzatmağa hazır olduğunu bildirib:
“Bəli, bu, baş verdi, bu, ən çox mənə təsir etdi. O, heç nə haqda xahiş etmirdi. Onun “Real”ı PSJ idi. “Real” mənim üçün nə deməkdirsə, PSJ də onun uşaqlıq arzusu idi. Amma dolayısı ilə onu arzularından məhrum etmiş kəs, məhz mən oldum. Təbii ki, bunu mən etməmişəm, amma mən bunu belə hiss edirdim. Mən hər zaman onun qarşısında üzr istəyirdim. O isə mənə dedi: “Xeyr, yox, onların sənə etdiklərindən sonra burada qalmaq istəmirəm”.
Hətta bir məqamda ona dedim: “Əgər bu, həqiqətən də sənə təsir edərsə, müqaviləmi yenidən təzələyəcəyəm, sən də burada qalacaqsan. Biz burada qalacağıq. Əgər bu, sənə ağır gəlirsə”. Mənə dedi: “Yox, olmaz, mən burada qalmaq istəmirəm. Onların sənə etdikləri, mənə etdikləri adi xüsuslar deyil”. Əgər o, mənə desəydi: “Kilian, bu məni çox narahat edir”, mən öz “Real” xəyalımdan daşınıb onun üçün qalardim.
Öz qardaşının karyerasını öldürürsənsə, ən böyük olmağın nə mənası var? Öz-özümə dedim: dünyanın ən yaxşı klubu ilə müqavilə bağlaya bilərsən, hamı deyir ki, sən ən yaxşısan, amma qardaşının karyerasını belə, xilas edə bilmədin”, deyə Mbappe duyğusalcasına etiraf edib.
Xatırladaq ki, keçən yay Kilian Mbappe “Real” keçib. Onun 17 yaşlı qardaşı Etan isə PSJ-dən ayrılaraq karyerasını “Lill”də davam etdirir.
“Real”dakı ilk mövsüm…
Kilian Mbappe “Real”da debüt mövsümdəki çıxışına münasibətini açıqlayıb:
“Mövsümün başlanğıcı heç də ən yaxşısı olmadı, amma biz qənimətlər uğrunda mübarizə aparmağa hazırlaşırıq və bu, ən vacib xüsusdur. Başlanğıc gözlədiyimiz kimi olmadı, amma “Real”da sizi təkcə ilk dövrədən yox, bütün mövsümdən sonra qiymətləndirirlər”, deyə Mbappe vurğulayıb.
Tənqidlər seli içində…
Mbappe öz ünvanna yönəlmiş tənqidlərə münasibətini bildirib:
“Düşünürəm ki, bu baş verir, çünki Kilian haqqında nəyin bahasına olursa-olsun danışmaq gərəkdir. Mən Fransanı ilk dəfə tərk etmişəm. Mən artıq orada deyiləm. Sizin üçün yeni məzmun açılır, yeni klub, iqlim, mühit… Bütün hisslərinizi açırsınız. Bu, daha çox müşahidəyə bənzəyir. Mən burada uğur qazanacağam”, deyə Mbappe iddiasını ortaya qoyub.
“Qızıl top”un xəyalı…
Kilian Mbappe “Qızıl top” mükafatını qazanmaq arzusunu da açıqlayıb:
“Mən artıq çoxuna nail olmuşam. Qazanmaq üçün hansı vacib qənimətlərim qalıb? Çempionlar Liqası – bunun üçün ən yaxşı klubda oynayıram. Avropa çempionatı. Niyə bir gün də Olimpiadada oynamayım?
Fərdi qənimətlər də önəmlidir – təbii ki, “Qızıl top”um əskikdir. Onu qazanmaq üçün meydanda və meydandan kənarda nə etməli olduğumu bilirəm. Qazanmaq üçün əlimdən gələni etsəm, onu qazanacağam”, deyə Mbappe vurğulayıb.
Şəxsi həyatın bir guşəsi…
Kilian Mbappe sevgilisi olub-olmadığı ilə bağlı incə sualı cavablayıb:
“Mən bir dəfə aşiq olmuşam – ümidvarm ki, bu, yenə də olacaq. Mən bu anları yaşamaq üçün yaradılmışam, amma yanımdakı insanın buna hazır olacağı bir həqiqət deyil”, deyə Kilian bildirib.
Stokholm otelində nə baş verib?
Kilian Mbappe İsveçdəki qalmaqaldan söhbət açaraq, Stokholmda məzuniyyəti zamanı şəhər otellərindən birində qadına cinsi təcavüz etməkdə şübhəli bilindiyi xüsusla əlaqədar sualı cavablayıb:
“Mən buna təəccübləndim. Düzünü desəm, hələ də təəccüblənirəm. Bunlar gözlənilmədən ortaya çıxmış xüsuslardır. Mən heç nə almamışam, nə məhkəməyə çağırış vərəqəsi, heç nə almamışam. Hamı kimi mən də eynisini oxumuşam. İsveç hökuməti də heç nə bildirməyib. Bunun mənə aidiyyatı yoxdur. Bu, sadəcə bir anlaşılmazlıqdır. Bu, mənə qətiyyən təsir etməyib, çünki özümü heç vaxt bu işə qarışmış hesab etməmişəm. Çox səs-küylü məqamdır, amma həmişə bir məqsədim vardı – işimə diqqət yetirmək və hər şeyin necə bitdiyini görmək. Əgər məni məhkəməyə çağırsalar, gələcəyəm, bu, sadədir. Bu, hətta bir axşam məclisi də deyildi. Beş asudə günüm vardı, getməyə qərar verdim. Başqa yerə getmək istəyirdim, amma məşqçi dedi: “Diqqət az olan yerə get”. Hər şey yaxşı keçdi, mən sakit idim. Ancaq getməzdən əvvəl restoranın çıxışında çəkilmiş bu fotoşəkil ortaya çıxdı. Orada, getməzdən əvvəl mənimlə görüşməyə hazır olan çoxlu insan, çoxlu jurnalist vardı”, deyə Mbappe xatırlayıb.
DÇ-2022-nin finalından sonra Lionel Messi ilə ilk görüş…
Kilian Mbappe 2022-ci il FIFA Dünya Kubokunun final oyunundan sonra PSJ-də argentinalı ulduz hücumçu Lionel Messi ilə ilk görüşündən söhbət açıb:
“Mən hiddət içində idim, amma siz ona hörmət edirsiniz, çünki o, Messidir. O və mən birlikdə gülərək aramızdakı buzları sındırdıq, çünki bu döyüşdə bütün güc-qüvvəmizi vermişdik. Finalla bağlı xatirələrimizi qoruyub-saxladıq. Düşünürəm ki, bu sonluq bizi daha da yaxınlaşdırdı”, deyə Mbappe bildirib.
Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının finalında Argentina və Fransa komandalarının dramatik oyunu 3:3 hesablı heç-heçə ilə başa çatmış, penaltilər silsiləsində isə “albiseleste” 4:2 hesablı qələbə qazanaraq, dünya çempionluğunu bayram etmişdi. Bu oyunda Mbappe 3 qol, Messi isə 2 qol vurmuş, həmçinin hər iki ulduz futbolçu oyunsonrası penalti zərbəsini qola çevirmişdi.
Kilian Mbappenin karyerasına qısa baxış…
Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 21 oyuna çıxıb, 11 qol vurub, 2 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


