Kilian Mbappe “Qızıl top”a iddia edirmi?

“Real”ın 26 yaşlı fransalı ulduz hücumçusu Kilian Mbappe “Qızıl top”a iddia edib-etməməsi ilə bağlı sualı cavablayıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransalı futbolçunun müvafiq cavabını təqdim edir:

“Mən “Qızıl top”a iddia edirəmmi? Mənim fikrim var, amma bu, çox az şey deməkdir. Mənim, taleyinə təsir göstərə biləcəyim yeganə qənimət – “Qızıl buts”dur, çünki o mənim ayaqlarımdan asılıdır. “Qızı top” isə məndən asılı deyil”, deyə Mbappe vurğulayıb.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Mbappe “Real”ın heyətində 56 oyuna çıxıb, 43 qol vurub, 5 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 90 oyun keçirib, 50 qol vurub və 37 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Həmçinin Mbappe “Real”ın heyətində ilk mövsümündəcə, 2024/2025-ci illər mövsümünün İsapniya La Liqasının 31 qolla ən sərrast qolçusu olub və “Qızıl buts” mükafatını qazanıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: