PSJ-nin hücumçusu Kilian Mbappe “Real”la razılıq əldə edən kimi, Fransa nəhəngi ulduz futbolçusu ilə ayrıldığını rəsmən elan edəcək.
Arena.az xəbər verir ki, 25 yaşlı hücumçunun “Real”la müqaviləsinin son təfərrüatını razılaşdırması ilə məşğul olduğu bildirilir.
Vurğulanır ki, bu iş bir qədər vaxt alacaq. Müqavilə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Müvafiq sənədlərin isə yaxın həftələrdə imzalanması gözlənilir.
PSJ rəhbərliyi Mbappenin “Real”a keçəcəyi zaman “kral klubu”nun ona imza üstəliyi kimi verəcəyi məbləğin bir hissəsini, ulduz futbolçunun Fransa nəhənginə ödəyəcəyini gözləyir. Bu məbləğ 100 milyon avro ilə 150 milyon avro arasında dəyişə bilər. Vurğulanır ki, bununla PSJ ulduz hücumçu müqaviləsinin sonunda klubdan azad agent qismində havayı ayrıldıqdan sonra, Fransa nəhənginin yaxşı maliyyə vəziyyətində qalmasına kömək edəcəyini düşünür.
Yeri gəlmişkən, PSJ bu yay “Real”ın braziliyalı vingeri Vinisius Junioru almaq niyyətindədir. Fransa nəhənginin Vinisiusu almaq cəhdi, məhz Mbappenin “kral klubu”na keçidinə qarşılıqdır.
Təhlilçilər isə belə hesab edirlər ki, “Real”da qüvvətli mövqeyə sahib braziliyalı ulduzun transferi maliyyə baxımından PSJ üçün əngəl olmasa da, idman layihəsi olaraq PSJ-nin “Vinni”yə “kral klubu”nun iddialarından daha böyük təklif vəd verə bilməsi böyük şübhə altındadır.
Yeri gəlmişkən, İngiltərə çempionu “Mançester Siti” Mbappenin “Real”a keçəcəyindən rahat və məmnundur. “Mançester Siti” rəhbərliyi hesab edir ki, Mbappenin “Real”a keçməsi, “şəhərlilər”in norveçli qolçusu Erlinq Halandın “kral klubu”na mümkün gedişi önündə qapıları bağlayır.
Xatırladaq ki, daha öncə “Real”ın Kilian Mbappe ilə yanaşı, Erlinq Halandı da transfer edəcəyi barədə xəbərlər yayılıb.


