Kilian Mbappe “Real”da əlavə tibbi müayinədən keçəcək

“Real”ın yeni ulduzu, Fransa yığmasının kapitanı Kilian Mbappe “qaymaqlılar”ın düşərgəsində ciddi tibbi müayinədən keçəcək.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Fransalı ulduzun “Real”ın tibbi heyəti tərəfindən əlavə müayinəyə salınacağı, hücumçunun daha əvvəl aldığı burun sınığı ilə bağlı cərrahi əməliyyat edilməsinin zərurəti müəyyənləşdiriləcək.

Xatırladaq ki, Kilian Mbappe AÇ-2024-ün Avstriya yığması ilə 1-ci tur qrup oyununun (1:0) 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırmışdı. Sonra təcili tibbi yardım almış Mbappe meydana qoruyucu maska ilə çıxıraraq oynayırdı. Məhz bu səbəbdən ulduz futbolçunun tam gücü ilə oynaya bilmədiyi iddia edilirdi. Mbappe AÇ-2024-ün yarımfinalında İspaniya yığması ilə oyuna maskasız çıxsa da, “xoruzlar” 1:2 hesabı ilə məğlub olaraq, yarışı əliboş tərk ediblər.

Ulduz futbolçunun AÇ-2024-də keçirdiyi oyunlarda səmərəsi, “D” qrupunun 3-cü tur oyununda yarış cədvəli baxımından əhəmiyyət kəsb etməyən, Polşa yığması ilə oyunda (1:1) penaltidən vurduğu qoldan ibarətdir.

Kilian Mbappenin iyulun 16-da, Avropa çempionatının finalından iki gün sonra Madriddə tibbi müayinəyə başlayacağı gözlənilir. Elə bu ərəfədə də fransalı ulduzun “Real”da təqdimatı nəzərdə tutulub.

“Real” baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti Kilian Mbappenin avqustun 14-də UEFA Super Kuboku oyununda iştirak edə biləcəyinə ümidlidir. “Real” UEFA Super Kubokunun finalında Avropa Liqasının qalibi “Atalanta” ilə qarşılaşacaq. Bu oyunla Mbappenin “Real”da debütü təxmin edilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: