“Real”ın 26 yaşlı fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın düşərgəsindəki ilk mövsümün şərh edib.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən fransalı ulduzun müvafiq açıqlamasını təqdim edir:
“Bu, mənim İspaniyada ilk mövsümüm idi. Bu, mənim üçün yeni təcrübə idi – həm bir futbolçu və həm də bir insan olaraq. Mən burada, “Real”da olmağıma çox şadam. Mənə, komandaya, ölkəyə, yeni dilə, yeni mədənniyyətə uyğunlaşmaq lazım gəldi. İndi mən klubda, komandada, şəhərdə, ölkədə özümü çox yaxşı hiss edirəm – bu isə meydanda görürünür”, deyə Mbappe vurğulayıb.
Əlavə edək ki, Mbappe 2024/2025-c illər mövsümündə “Real”ın ən yaxşı oyunçusu seçib. Fransalı ulduz bu münasibətlə özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb:
“İlk gündən mənə məhəbbət və etimad göstərmiş bütün madridlilərə böyük təşəkkürümü bildirirəm. Mənim üçün hər gün bu xəyal ilə yaşamaq böyük şərəfdir. Hala Madrid! (ispancadan: Haydı, Madrid!)”, – Mbappe paylaşıb.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 55 oyuna çıxıb, 42 qol vurub, 4 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 88 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 170 milyon avro məbləğində qiymətləndirir.


