İspaniya La Liqasının 11-ci turunda “Barselona” ilə ev oyunu (0:4) “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe üçün qara gəlib.
Arena.az məlumat verir ki, özünün ilk “el klasiko” oyununda böyükhesablı acı məğlubiyyət yaşamış fransalı ulduz həmçinin antirekordla fərqlənib.
Bu oyunda Mbappe 8 dəfə oyundankənar vəziyyətə düşüb, həmçinin ulduz hücumçunun vurduğu iki qol eyni səbəbdən ləğv edilib.
Beləliklə Mbappe 2017/2018-ci illər mövsümünün başlanğıcından bəri Avropanın ən yüksək səviyyəli beş liqasında bir oyunda 7 dəfədən çox oyundankənar vəziyyətə düşmüş ilk oyunçu olub.
Ançelotti Mbappenin ilk “el klasiko”sunu dəyərləndirdi
Oyundan sonra “qaymaqlılar”ın baş məşqçisi Karlo Ançelotti Kilian Mbappenin oyunu ilə bağlı sualı cavablayıb:
“Məlum idi ki, “Barselona” yüksək xəttdən istifadə edirdi, biz isə bundan çətinliklə yararlandıq. Mbappenin fürsətləri vardı, bəzən isə oyundankənar vəziyyətə düşürdü. Amma ona azacıq daha çox bəxt gərək olanda, onun üç-dörd fürsəti oldu”, – “AS” nəşri italyan mütəxəssisdən sitat gətirir.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun qalibi olub.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


