Kilian Mbappe və Usman Dembele 24 illlik rekordu təkrarladılar

Fransa millisinin hücumçuları Kilian Mbappe və Usman Dembele dünya çempionatında 24 il əvvəl qeydə alınmış nailiyyəti təkrarlayıblar.

Arena.az xəbər verir ki, DÇ-2026-nın 1/4 finalında Mərakeşi 2:0 hesabı ilə məğlub etmiş Fransa yığmasının hər iki qolunu məhz Mbappe və Dembele vurub.

Bununla da Mbappe turnirdəki qol sayını 8-ə, Dembele isə 5-ə çatdırıb. Nəticədə Fransa millisi 2002-ci ildən bəri heyətində eyni dünya çempionatında ən azı 5 qol vuran iki futbolçuya sahib olan ilk komanda olub.

Sonuncu dəfə bu göstəriciyə 2002-ci il dünya çempionatında Braziliya millisi nail olmuşdu. Həmin mundialda Ronaldo 8, Rivaldo isə 5 qol vurmuşdu.

Qeyd edək ki, Kilian Mbappe hazırda DÇ-2026-nın bombardirlər siyahısına da şərikli liderlik edir. Fransa millisinin kapitanı Argentina yığmasının hücumçusu Lionel Messi ilə birlikdə 8 qola malikdir.

Oyundan sonra Mbappe ilk hissədə yerinə yetirə bilmədiyi penalti zərbəsinin səbəbini də açıqlayıb:

“Çox çətin vəziyyət idi. Hakim əvvəlcə penalti təyin etdi və mən zərbəyə hazırlaşmağa başladım. Sonra isə epizodun VAR-da yoxlanılacağını bildirdi. Bu, diqqətimi tamamilə yayındırdı, çünki əvvəllər belə vəziyyətlə heç vaxt qarşılaşmamışdım”, – deyə Mbappe bildirib.

Xatırladaq ki, fransız hücumçu qaçırdığı penaltidən sonra özünü toparlayaraq bir qol vurub və bir məhsuldar ötürmə ilə komandasının 2:0 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: