PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe Fransa nəhənginin onu Yaponiya turundan kənarlaşdırmaq qərarına təəccüblənib.
Arena.az bu barədə ESPN-ə istinadən məlumat verir.
Mbappenin təəccübünə rəğmən, PSJ rəhbərliyinin qərarı ilə razılaşdığı vurğulanır. Ulduz futbolçu bu barədə cümə günü PSJ-nin öz bazasında “Havr”a qarşı keçirdiyi oyundan (2:0) sonra məlumatlandırılıb. Həmin oyunda Mbappe komandasının ikinci qolunu vurub.
PSJ rəhbərliyinin komandanın heyətində Mbappenin iştirakı ilə bir daha heç vaxt oynamamağı düşündüyü bildirilir. Ulduz hücumçu Paris klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib və komandadan ayrılmaq istəyir.
Mbappenin parislilərlə cari müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Məlumatda “Real”ın Mbappenin bu yay qoşulmaq istədiyi yeganə klub olması və üstəlik, yalnız “Kral klubu”nun ulduz hücumçunun transfer məbləğini ödəmək iqtidarında olması və buna hazır olduğu vurğulanır. Madridlilərin PSJ və ya Mbappe tərəfindən razılıq alacağı halda, müqaviləni rəsmiləşdirmək üçün bütün təfərrüatı artıq öncədən nəzərə alıb hazırladığı bildirilir. “Real” rəhbərliyi rüsumlar, əlavə bonuslar və dəigər xərclər də daxil olmaqla, məbləğin 200 milyon avronu ötəcəyini təxmin edir və bu şərtə hazırdır.
Klublar arasında bu xüsusda hələ heç bir əlaqənin olmadığı, amma “Real”ın bir müddətdir ki, Mbappenin ətrafı ilə danışıqlar apardığı xüsusilə vurğulanır.


