Fransa Kubokunun yarımfinalında “Renn”ə qarşı oyunda (1:0) parislilərin fransalı ulduz hücumçusu Kilian Mbappe xoşagəlməzliklə üzləşib.
Arena.az məlumat verir ki, “Park de Prens” tribunalarının bir hissəsi Kilian Mbappeni ləzzətlə fitə basıblar.
Buna rəğmən, fransalı ulduz sayğısızlıq göstərmiş bu azarkeşləriin ağzını oyunda vurduğu yeganə qələbə qolu ilə yumub.
Vurğulayaq ki, azarkeşlərin narazılığı Kilian Mbappenin çox güman ki, cari mövsümün bitməsi ilə PSJ-dən ayrılacağı xəbəri ilə bağlıdır. Daha əvvəl Kilianın artıq “Real”la müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı bildirilirdi. Ulduz hücumçunun həmçinin komanda yoldaşlarına və PSJ-nin məşqçilər heyətinə cari mövsümün sonunda klubdan ayrılacağını dediyi bildirilir. Öz növbəsində “Real”ın prezidenti Florentino Peres “qaymaqlılar”ın baş məşqçisi Karlo Ançelottinin məşqçilər qərargahına Mbappenin “Real”ın yeni oyunçusu olacağı barədə məlumat verdiyi də vurğulanır.
Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 39 qol vurub, 8 məhsuldar ötürmə verib.
Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 299 oyun, 251 qol, 106 məhsuldar ötürmə.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


