Fransa çempionu PSJ ilə müqaviləsinin müddəti bitdiyi üçün bu klubla vidalaşan Killian Mbappe yeni klubuna keçidi ilə bağlı açıqlama verib.
Arena.az fransalı futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Növbəti klubum tezliklə rəsmiləşəcək. Bu, bir neçə günün məsələsidir. Mən bunu gözləyə bilmirəm, xoşbəxtəm. Sadəcə bir neçə gün gözləmək gərəkdir”, deyə Mbappe bildirib.
Qeyd edək ki, ulduz futbolçunun azad agent qismində İspaniya nəhəngi “Real”a keçəcəyi iddia edilir. Son iddiaya görə, İspaniya nəhəngi yaxın iki həftə ərzində Mbappenin transferini elan edəcək. “Real” rəhbərliyinin planı 25 yaşlı fransalı ulduzla rəsmi olaraq müqavilə bağlamaq və 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatı başlamazdan əvvəl bunu ictimaiyyətə açıqlamaqdır. Hazırda isə “Real” bütün diqqətini iyunun 1-də Dortmund “Borussiya”sı ilə Londonun “Uembli” stadionunda keçiriləcək Çempionlar Liqasının final oyununa cəmləyib.
Xatırladaq ki, AÇ-2024 iyunun 14-də başlayacaq.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.
Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.
Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı Mbappenin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


