Kilian Mbappe yeni klubuna nə vaxt keçəcəyini açıqladı

Fransa çempionu PSJ-dən ayrılmağa qərar vermiş Kilian Mbappe yeni klubuna nə vaxt keçəcəyi haqda məlumat yayıb.

Arena.az fransalı oyunçunun bu barədə sözlərini təqdim edir:

“Yaxın vaxtlarda yeni klubumu elan edəcəyəm. Məncə, bəyanata sayılı günlər qalıb. Elanı gözləyin”, deyə ulduz hücumçu bildirib.

Xatırladaq ki, Mbappe cari mövsümün bitməsilə Fransa nəhəngindən ayrılacaq. Onun azad agent qismində “Real”a keçəcəyi iddia olunur. Bildirilir ki, Mbappe “qaymaqlılar”la 5 illik müqavilə imzalayacaq. Kilian “Real”da ildə 15 milyon avro məbləğində maaş alacaq ki, bu da ulduz futbolçunun PSJ-də aldığı maaşdan azdır.

“Real”ın isə iyunun ilk həftəsində Mbappe ilə müqavilə imzaladığını elan edəcəyi barədə xəbərlər dolaşır. Madridlilərin fikri Dortmund “Borussiya” ilə Çempionlar Liqasının finalından sonra Mbappe ilə müqavilə imzaladığını elan etmək və hətta mümkünsə, onu tanıtmaqdır.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: