Kilian Mbappenin Stokholmda cinsi münasibətləri olub

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin adı ətrafında cərəyan edən xoşagəlməz qalmaqal davam edir.

Arena.az xatırladır ki, “xoruzlar”ın kapitanına qarşı İsveç otellərinin birində zorlamada iddiası ilə bağlı şikayət qaldırılıb, iş ilə bağlı Skandinaviya ölkəsinin hüquq-mühafizə orqanları araşdırma aparırlar.

Fransanın “RMC Sport” internet-nəşri Mbappenin İsveçə səfəri zamanı cinsi münasibətlərdə olduğunu iddia edir. Vurğulanır ki, ulduz hücumçu hər şeyin qarşılıqlı razılıq əsasında baş verdiyinə əmindir.

Mənbənin məlumatına görə, Mbappe Stokholmdakı oteldə gecəni birlikdə keçirdiyi gənc qadının ismarışlarını da saxlayıb.

Nəşr həmçinin Mbappenin Stokholma səfərinin yeni təfərrüatını açıqlayıb. Axşam saatlarında Stokholma səfəri zamanı Mbappenin ətrafı həmişəkindən fərqli gözə çarpıb. Adətən Mbappeni müşayiət edən daimi cangüdəni, ulduz futbolçunun İsveçə bu səfəri zamanı məzuniyyətdə olub. Cangüdənin əvəzedicisi olaraq, Kilianın kiçik qardaşı Etan Mbappe ilə işləyən agent çıxış edib. Futbolçunu müşayiət edənlər arasında onun şəxsi köməkçisi və bu səfərdə mühüm rol oynayan, səfərin təşəbbüskarı kimi adı keçən, Mbappenin PSJ-də keçmiş komanda yoldaşı Nordi Mukiele də olub.

Vurğulanır ki, Mbappe son bir neçə ildə ətrafının tərkibini dəyişir. Kilianın həyatında mühüm rol oynayan anası Fayza Lamari daim onunla ola bilmir və qadın agentlik keyfiyyətinə malik deyil. O da məlumdur ki, Kilian 2022-ci ildə mühafizəçisini çox sərt hesab edərək onu dəyişdirmək qərarına gəlib və daha az təcrübə və təsirə malik olsa da, özünə daha qayğıkeş yeni bir mühafizəçi seçib.
Fransanın digər bir nəşri “Le Parisien” də Mbappenin Stokholma səfərinin təfərrüatını açıqlayıb.

Bu mənbənin məlumatına görə də, Mbappe fransalı futbolçu Nordi Mukielenin dəvəti ilə Stokholma uçub. Mbappe Stokholmda qaldığı ikinci gecə eyş-işrət keçirdiyi gecə klubunda tanış olduğu qadınla gecələyib. Cinsi münasibətlər zamanı hər şeyin qarşılıqlı razılıq əsasında baş verdiyi vurğulanır. Bundan sonra Mbappe ilə qadın arasında müsbət ruhda ismarış mübadiləsi olub.

Amma nəşr vurğulayır ki, hazırda zorlama şikayətini vermiş şəxsin məhz bu qadın olub-olmadığı məlum deyil.

Mbappe 6 ilədək həbs cəzası alacaq?

Bu arada “Cerfia” nəşri Kilian Mbappenin İsveç qanunlarına görə 6 ilə qədər həbs cəzası ala biləcəyi barədə məlumat yayıb.

Mənbənin iddiasına görə, bu, ittiham tərəfi fransalı ulduzun zorlamada təqsirkar olduğunu sübut edəcəyi təqdirdə baş verəcək. Vurğulanır ki, hücumçunun adı əsas olaraq işdə şübhəli şəxs kimi keçir.

AS dərgisi isə BFMTV-yə istinadən, Kilian Mbappenin vəkili xanım Mari-Aliks Kanu-Bernarın müsahibəsini sitat gətirib. Vəkil zorlamada ittiham edilən Mbappenin günahsızlığını necə sübut edə biləcəyini bildirib:

“Bunun hətta müsbət tərəfi də var. Əgər heç nə olmayıbsa və söhbət doğrudan da ondan gedirsə, deməli, hər şey qaydasındadır. Bundan əlavə, oteldə on min kamera var ki, bu da bizim işimizin xeyrinədir. Biz artıq digər idmançıların nümunələri əsasında da görmüşük ki, otel dəhlizlərindən video çəkilişlər sayəsində nə baş verdiyini, ya da baş vermədiyini dəqiq bilmək olur”, deyə Mbappenin vəkili açıqlayıb.

Ən nəhayət, “Real”ın bu məsələdə hansı mövqe tutduğu açıqlanıb. Daha əvvəl “Kral klubu”nun bu məsələ ilə bağlı qapalı iclas keçirdiyi məlum olmuşdu. İclasın təfərrüatı isə açıqlanmamışdı.

“Yahoo Sports” dərgisi AFP dərgisinə istinadən məlumat verir ki, “Real” “qaymaqlılar”ın zorlamada ittiham edilən franslı ulduzunu tamamilə dəstəkləyir və Mbappenin təqsirsiz olduğuna inanır.

Mənbənin məlumatına görə, “Real”da Mbappe ilə bağlı vəziyyəti “idman tarixindəki ən böyük saxtakarlıq” adlandırırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: