Kilian Mbappenin transferi açıqlandı, “Real”ın saytı çökdü

Məlum olduğu kimi, iyunun 3-də “Real” Fransa yığmasının və PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin transferini rəsmən açıqlayıb.

Arena.az məlumat verir ki, bu bəyanatdan sonra Madrid klubunun internet saytı və xüsusən də xəbərin özü istifadəçilərin axını ilə bağlı nasazlıqlara görə baxılması üçün əlçatmaz olub.

Tezliklə texniki müdaxilədən sonra sayta giriş bərpa edilib.

Bu arada, Madrid klubunun mətbuat xidmətinin “Real”ın “X” sosial şəbəkə hesabı üzərindən fransalı ulduz futbolçunun “qaymaqlılar”ın düşərgəsinə keçidi ilə bağlı xəbəri paylaşması ilə müvafiq dərcin 12,3 milyon baxış sayı topladığı bildirilir.

“Real” fransalı ulduz hücumçu ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: