“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin zorlamada ittihamı ilə bağl iş sübutların azlığı səbəbindən bağlanılıb.
Arena.az bu barədə “France-Presse” agentliyinə istinadən məlumat verir.
Xatırladaq ki, daha əvvəl, İsveç mətbuatı Kilian Mbappenin zorlamada əli olması ehtimalı ilə bağlı məlumat yaysa da, futbolçunun ətrafı bunu böhtan adlandırmışdı. Məzuniyyət müddətində ulduz futbolçunun Stokholmda qaldığı oteldə baş verdiyi iddia edilmiş hadisədən sonra, bir qadın bu barədə şikayətlə polisə müraciət etmişdi.
Stokholm prokuroru Marina Çirakova Kilian Mbappenin şübhəli bilinə biləcəyi zorlama şikayəti ilə bağlı istintaqın dayandırılması haqda qəbul etdiyi qərarını əsaslandırıb:
“Mbappeni sorğu-sual etməyə icazəmiz yoxdur”
“Mən şübhəlinin kim olduğunu təsdiqləmək fikrində deyiləm. İstintaq bağlandı, çünki mən, toplanmış sübutların istintaqı davam etdirmək üçün yetərli olmadığını müəyyən etdim, ona görə də onu dayandırmaq qərarına gəldim. Buna rəsmi şübhə olmadan, onu (Mbappe) sorğu-sual etməyə icazəmiz yoxdur.
Bircə onu deyə bilərəm ki, sübutlar kifayət deyil. İddia edilən qurbanın yalan söyləməsinə dair də heç bir sübut yoxdur. İstintaq zamanı toplanmış materiallar işin davam etdirilməsi üçün kifayət etmir. Bunu dayandırmaq qərarına gəlməyimin yeganə səbəbi də budur”, – “RMC Sport” dərgisi Çirakovadan sitat gətirir.
Həmçinin Stokholm prokuroru fransalı ulduzun şübhəli bilinə biləcəyi təcavüzlə bağlı istintaqın hansı halda bərpa edilə biləcəyini də açıqlayıb:
“Ola bilsin ki, məndən qərarımı yenidən nəzərdən keçirməyimi xahiş etsinlər. Bu, işin sonudur, amma gələcəkdə qərarımı dəyişdirə biləcək yeni əsaslı sübutlar ortaya çıxsa, iş yenidən davam etdirilə bilər”, – “RMC Sport” dərgisi Çirakovadan sitat gətirir.
Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 21 oyuna çıxıb, 12 qol vurub, 2 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


