Kleman Lanqle “Barselona” ilə birdəfəlik vidalaşdı

“Barselona”nın fransalı mərkəz müdafiəçisi Kleman Lanqle Kataloniya klubundan ayrılaraq birdəfəlik Madrid “Atletiko”suna keçib.

Arena.az bu barədə Madrid klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Əvvəlcə Kataloniya təmsilçisi Lanqle ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Daha sonra “Atletiko” azad agent statusuna malik müdafiəçi ilə tamhüquqlu əsasda müqavilə imzalandığını bəyan edib. 29 yaşlı futbolçu Madrid klubu ilə 2028-ci ilin yayına qədər müqavilə bağlayıb.

Xatırladaq ki, “Atletiko” Lanqleni 2024-cü ilin avqustunda icarə əsasında 2024/2025-ci illər mövsümünün sonuna qədər heyətinə qatmışdı. İcarə xərci isə “Atletiko”ya 3 milyon avro məbləğində başa gəlmişdi. Fransalı futbolçu geridə qalmış mövsümdə Madrid klubunun heyətində 34 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Barselona” isə Lanqleni 2018-ci ildə “Sevilya”dan transfer etmişdi. Fransız müdafiəçinin keçidi “blauqrana”ya 35,9 milyon avro məbləğində başa gəlmişdi. Lanqlenin “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Kleman Lanqle “Barselona”nın heyətində ümumilikdə 160 oyun keçirib, 7 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Fransalı futbolçunun qənimətlər muzeyində “Barselona” ilə qazandığı 3 kubok var – İspaniya La Liqası, İspaniya Kral Kuboku və İspaniya Super Kuboku.

Fransalı müdafiəçi karyerası ərzində “Nansi”, “Tottenhem”, “Aston Villa” kimi klublarda da çıxış edib.

Kleman Lanqle 2019-cu ilin iyununda debüt etdiyi Fransa yığmasının heyətində 16 oyun keçirib, 1 qol vurub. Lanqle “xoruzlar”la 2021 UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı fransalı mərkəz müdafiəçisinin trasnfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: