“Liverpul”un baş məşqçisi Yurgen Klopp bu mövsüm İngiltərə Premyer Liasında çempionluq yarışında mübarizə haqda fikirlərini açıqlayıb.
Arena.az xatırladır ki, Premyer Liqanın 23-cü turunda “qırmızılar” səfərdə “Arsenal”a uduzsalar da (1:3) turnir cədvəlinin 1-ci pilləsində (51 xal) qalıblar.
Amma “Mançester Siti” 3-cü pillədə qərarlaşsa da (46 xal), “şəhərlilər” bu xalları 21 oyunda toplayıblar və hələ ehtiyatda 2 oyunları var. Bu isə “Mançester Siti”nin Premyer Liqanın potensial lideri statusuna qoyur. Hər iki oyunda qələbə qazanacağı halda “Mançester Siti” Premyer Liqanın vahid liderinə çevriləcək.
“Qulaq asın, sizə İngiltərə çempionluqları üzrə mütəxəssis lazımdırsa, yəqin ki, məndən soruşmamalısan, çünki biz mövsümü 2-ci yerdə bitirmişik. “Mançester Siti”nin ehtiyatda iki oyununun olması məni narahat etmir. Biz həmişə onlardan bütün oyunlarında qalib gəlmələrini gözləyirik. Onların necə oynadıqlarını izləməyə belə, ehtiyac yoxdur – 0:1 “Mançester Siti”nin xeyrinə deyilsə, oyunlar həmişə 3:1 hesabı ilə başa çatır. Bizim üçün heç nə dəyişməyib. “Arsenal”a qalib gəlmək istəyirdik, amma bütün 90 dəqiqəlik oyun vaxtında belə nəticə əldə etmək üçün kifayət qədər yaxşı olmadıq”, – “Liverpul”un rəsmi saytı Klopdan sitat gətirir.
Premyer Liqanın növbəti turu çərçivəsində “Liverpul” fevralın 10-da “Börnli”ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə 19:00-da başlayacaq.


