İngiltərənin “Çelsi” klubunun mərkəz yarımmüdafiəçi Konor Qallaxer bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
İngilis yarımmüdafiəçi “döşəkçilər”lə müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb. Madrid klubu Qallaxerin keçidi müqabilində “Çelsi”yə 42 milyon avro ödəyib.
Konor Qallaxer “Çelsi”nin yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində “Çarlton”, “Suonsi Siti”, “Vest Bromviç” və “Kristal Pelas”da icarə əsasında çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Qallaxer “Çelsi”nin heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Qallaxerin “zadəganlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 95 oyun, 10 qol, 10 məhsuldar ötürmə.
Konor Qallaxer 2021-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 18 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Konor Qallaxerin qənimətlər muzeyində “Çelsi”nin U-18 komandası ilə qazandığı İngiltərə Gənclər Liqası çempionluğu (2016/2017 və 2017/2018), həmçinin “zadəganlar”la əldə etdiyi Avropa Liqası (2018/2019) var. Qallaxer milli komanda səviyyəsində İngiltərənin U-17 komandası ilə Dünya Kubokunun (2017) qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


