Kreyq Harrison: “Sabah”la cavab matçı fərqli olacaq”

TNS-in baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının 1-ci raundunda “Sabah”a qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Uels təmsilçiləri arasındakı cavab görüşü sabah keçiriləcək.

Bakıdakı ilk oyunda 0:2 hesablı məğlubiyyətə üzülmüş Uels komandasının baş məşqçisi Kreyq Harrison bu gün təşkil edilmiş mətbuat konfransında bunları dilə gətirib:

“İlk oyunda məğlub olsaq da, hazırda komandada hər şey qaydasındadır. Biz dərk edirik ki, “Sabah” çox yaxşı komandadır. “Qarabağ” kimi Çempionlar Liqasında uğurla çıxış etmiş bir komanda ilə rəqabət aparırlar və onlara qarşı belə nəticələr göstərirlərsə, deməli, zəif ola bilməzlər. Onların çox yaxşı oyunçuları və təcrübəli baş məşqçisi var. Məğlubiyyətə rəğmən, komandamın təşkilatçılığı, əzmkarlığı və fədakarlığı məni sevindirdi. Bəlkə də istədiyimiz qədər hücum edə bilmədik.

Bu dəfə rəqibin topa o qədər də çox sahib olmayacağını gözləyirəm. Lakin onlar topa nəzarət etməyi sevən komandadırlar, ona görə də yenə müəyyən üstünlükləri ola bilər. Oyun planımız bu dəfə fərqli olacaq, topla daha çox oynamağa və imkanlar yaratmağa çalışacağıq. Topa sahib olmaq güclü göstəricidir, amma yekunda hər şeyi qapıya zərbələr həll edir. Evdə daha çox hücum etməyi və onları təzyiq altında saxlamağı planlaşdırırıq. İlk qolu biz vursaq, hər şey dəyişəcək.

Futbolda həmişə nəsə öyrənirsən. Nəyi daha yaxşı edə biləcəyimizi analiz etdik. Məşqçilər heyəti ilə saatlarla bunun üzərində çalışmışıq. Müsbət və mənfi məqamları qeyd etmişik. Geriyə qayıdarkən yol bizim üçün yaxşı keçmədi və yolda 18-20 saat vaxt itirdik. Hava limanlarında çox gözlədik. “Sabah” isə yəqin ki, çarter reysi ilə birbaşa gələcək. Lakin artıq o yorğunluğu geridə qoymuşuq, dincəlmişik və hazırıq. Sabah yalnız bəzi kiçik xatırlatmalar edib meydana çıxacaq və ilk qolu vurmağa çalışacağıq. Evdə oynayırıq, 2 top fərqi ilə geridəyik və ilk qolu bizim vurmağımız mütləqdir. Bu qol 1-ci dəqiqədə də gələ bilər, 80-ci dəqiqədə də. Əgər 80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tamamilə yenidən başlayacaq. Əsas məqsədimiz də məhz budur”.

“Biz evdə doğrudan da təhlükəli rəqibik”

Kreyq Harrison heyətlə bağlı ciddi itkilərin olduğunu vurğulayıb:

“Ben Uilson, Bred Yanq, Denni Devis, Adam Uilson, Rori Holden və Ceykob sabah oynamayacaqlar. Ümid edirik ki, növbəti mərhələyə qədər sağalarlar. Onlar bizim üçün çox vacib oyunçulardır. Səfər matçında ehtiyat oyunçular skamyamız çox gənc və təcrübəsiz idi. Demək olar ki, ümumilikdə 50-dən az oyun təcrübələri var idi. Evdə bəlkə də gənclərə şans vermək daha asan olar, amma səfərdə onları belə böyük təzyiq altına atmaq və səhv etmə ehtimallarını artırmaq ədalətli olmazdı”.

Baş məşqçi TNS-in ev oyunlarını süni örtüklü meydanda keçirməsinə də toxunub:

“Etiraf edək ki, Avropada süni örtüklü meydançalar o qədər də çox deyil. Biz isə hər gün burada məşq edir və oynayırıq. Topun quru və ya yaş havada necə hərəkət etdiyini çox yaxşı bilirik. Futbolçularımız özlərini burada rahat hiss edirlər. Biz evdə doğrudan da təhlükəli rəqibik və bunu sabahkı matç üçün böyük müsbət hal kimi dəyərləndiririk”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: