Kris Huyton Qana millisinə baş məşqçi təyin olundu

Son olaraq İngiltərənin “Nottingem Forest” komandasına rəhbərlik etmiş Kris Huyton Qana millisinə yeni baş məşqçi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Qana Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

DÇ-2022-dəki uğursuz nəticələrdən sonra istefaya göndərilən Otto Addonun məhz Huyton əvəzləndiyi diqqətə çatdırılıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. Otto Addonun dönəmində köməkçi məşqçi kimi çalışan Corc Boatenqlə Mas-Uda Didi Dramani Huytona da kömək edəcəklər.

Kris Huyton Qana yığması üçün tanış simadır. O, son bir ildə bu komandada texniki məsləhətçi kimi çalışırdı. Qana Futbol Federasiyası da onu məhz komandanı daha yaxşı tanıdığına görə baş məşqçi postuna təyin edib.

İrlandiyadan olan 64 yaşlı mütəxəssis 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabr ayına kimi “Nottingem Forest”də baş məşqçi olub. O, “Brayton”, “Norviç Siti”, “Birmingem Siti” və “Nyukasl” kimi klublarda da baş məşqçi çalışıb. Təcrübəli mütəxəssis “Tottenhem”də və İrlandiya yığmasında köməkçi məşqçi kimi də fəaliyyət göstərib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: