Kristian Pulişiç artıq geridə qalmış 2023-cü ilin yekunlarına görə Amerika Birləşmiş Ştatlarının ən yaxşı futbolçusu elan edilib.
Arena.az bu barədə ABŞ Futbol Federasiyasının (USSF) rəsmi sayıtına istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, ilin ən yaxşı futbolçusu adına “Milan”ın sağ vingeri Pulişiç layiq görülüb.
Müvafiq mükafat Pulişiçin karyerasında 4-cü haldır. Beləliklə, Kristian bu mükafatı ən çox qazanmış Landon Donovanla birlikdə birinciliyi bölüşür. Pulişiç əvvəllər 2017, 2019 və 2021-ci illərdə Birləşmiş Ştatların ən yaxşı futbolçusu seçilib. Klint Dempsi və Keysi Kellerin isə hərəyə üç qələbəsi var.
Kristian Pulişiç futbola “Pensilvaniya Klassiks”in heyətində qədəm qoyub və buradan Avropaya – Dortmund “Borussiya”sının akademiyasına yol tapıb. Buradan “Çelsi”yə icarəyə yollanmış amerikan vinger daha sonra tamhüquqlu əsasda “zadəganlar”a qoşulub. Ötən ilin iyulunda isə “Milan” 20 milyon avro müqabilində Pulişiçi heyətinə qatıb. Pulişiçin “Milan”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Pulişiç “rossoneri”nin heyətində 26 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.
Pulişiçin qənimətlər muzeyində “Borussiya” ilə qazandığı Almaniya Kuboku və “Çelsi” ilə qalib gəldiyi UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku var.
Pulişiç 2016-cı ilin martında debüt etdiyi ABŞ yığmasının heyətində 64 oyun keçirib, 28 qol vurub, 17 məhsuldar ötürmə verib. Pulişiç “yankilər”lə 2 dəfə CONCACAF Millətlər Liqasını (2019/2020, 2022/2023) qazanıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı amerikan vingerin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.


