Kristiano Ronaldo dubl etdi, “Əl-Nəsr” ÇL-də qalib gəldi – Video

Portuqal superulduz Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, 38 yaşlı futbolçunun komandası Asiya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Qətərin “Əl-Duhail” kollektivi ilə qarşılaşıb.

Ronaldo bu oyunda vacib məhsuldar ötürməyə və dubla imza atmaqla, komandasının 4:3 hesablı qələbəsini təmin edib.

Birinci hissənin ortalarında, 25-ci dəqiqədə Kristiano Ronaldonun ötürməsi ilə oyunda hesabı açmış Anderson Taliska “Əl-Nəsr”i önə keçirib. İkinci hissənin əvvəlində, 56-cı dəqiqədə Sadio Mane ev sahiblərinin ikinci qolunu vurub. 61-ci dəqiqədə Ronaldo “Əl-Nəsr”in üstünlüyünü üç topa yüksəldərək, oyunda hesabı biabırçı həddə çatdırıb.

Amma qonaqları bu “soyuq duş” ayıldıb, 63-cü dəqiqədə İsmayıl Məhəmməd hesab arasındakı fərqi azaldıb. 67-ci dəqiqədə isə Almoez Əli “Əl-Duhail”ə ümid verən qola imza atıb. Amma 81-ci dəqiqədə Ronaldo yenidən səhnəyə çıxaraq dublunu rəsmiləşdirib. Qonaqlar 85-ci dəqiqədə Maykl Olunqanın vurduğu qolla ümidlənsələr də, “Əl-Nəsr” üstünlüyünü qoruyub və oyunu qələbə ilə başa vura bilib – 4:3.

Hazırda “Əl-Nəsr” Asiya Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 3 oyundan sonra 9 xalla qrup lideridir. “Əl-Duhail” 1 xalla 3-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun bu klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 13 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar verib.

Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 203 oyun keçirib, 127 qol vurub və 45 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.