“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduzu və kapitanı, veteran hücumçu Kristiano Ronaldo xüsusi tibbi avadanlıq vasitəsilə müayinə edilib.
Arena.az məlumat verir ki, mütəxəssislər müvafiq avadanlığın vasitəsilə Ronaldonun bədəninin fizioloji vəziyyəti, adətləri və məşqləri əsasında futbolçunu qiymətləndiriblər.
Nəticələr göstərib ki, “Kriş”in orqanizminin bioloji yaşı 28 yaş 9 aylıqdır.
Əlavə edək ki, Ronaldo təbii və sağlam qidalanır, müvafiq pəhriz saxlayır, zərərli adətlərin aludəçisi deyil, həmçinin fəal surətdə idmanla məşğul olur. Ronaldo bu həyat tərzinin əsasında yüksək səviyyədə futbol oynamağa davam edir və necə deyərlər, “nə qədər qoca olsa da, min buğuburma cavana dəyir”.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayında “Mançester Yunayted”dən azad agent qismində “Əl-Nəsr”ə keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 39 oyuna 33 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 103 oyun, 91 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Əlavə edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün 23 qolla ən sərrast qolçusudur. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb.
Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 219 oyuna 136 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.