Kristof Qaltye Ernan Kresponu əvəz etdi – Qətər klubunda

Ötən mövsüm PSJ-ni Fransa çempionu etmiş, yaydan bəri işsiz olan Kristofer Qaltye bundan sonra Qətərdə çalışacaq.

Arena.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Qətərin elita təmsilçilərindən olan “Əl-Duhail”in baş məşqçisi təyin olunub.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. Qaltye bu komandanın baş məşqçi postunda Ernan Kresponu əvəz edib. Argentinalı mütəxəssis ötən gün istefaya göndərilib.

Ernan Krespo 2022-ci ilin mart ayından “Əl-Duhail”ə rəhbərlik edirdi. O, bu komandanı 38 oyuna çıxarıb, 34 qələbəyə sevinib, 6 heç-heçə ilə kifaytlənib, 8 məğlubiyyətə üzülüb.

Kristof Qaltye isə ötən mövsüm PSJ ilə Fransa çempionluğunu bayram etsə də, iyunda paytaxt təmsilçisindən istefaya göndərilmişdi. O, 5 iyul 2022-ci ildə PSJ-nin baş məşqçisi təyin edilmişdi. Qaltyenin rəhbərliyi altında PSJ 11-ci dəfə Fransa çempionluğunu qazanmışdı. Amma klubun əsas hədəfi olan UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində komanda “Bayern”ə məğlub olaraq mübarizəni dayandırmışdı.

PSJ Qaltyenin rəhbərliyi altında meydana çıxdığı 50 oyundan 34 qələbə ilə ayrılıb. Qalan oyunlarda isə 6 heç-heçə və 10 məğlubiyyət qeydə alınıb.

Qaltye əvvəllər “Nitsa”, “Lill” və “Sent Etyen”i də çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: