PSJ-nin baş məşqçisi Kristof Qaltye bildirib ki, Liqa 1-in 38-ci turu Lionel Messi üçün parislilərin heyətində sonuncu oyun olacaq.
Arena.az xəbər verir ki, Qaltye hücumçusu haqda xoş sözlər söyləyib.
Fransa nəhənginin çalışdırıcısı Messini tənqidlərdən də müdafiə edib:
“Mənim üçün futbol tarixinin ən yaxşı oyunçusunu çalışdırmaq şərəf idi. Sabah Messi “Park de Prens”də sonuncu oyununu keçirəcək. Ümidvaram ki, o, yaxşı qarşılanacaq. İlk mövsümdə ona uyğunlaşmaq lazım gəldi. Bu, onun Barselona hüdudlarından kənarda ilk ili idi. Bu il isə o, vacib oyunçuya çevrildi. Onun ünvanına yönəlmiş tənqidləri tamamilə əsassız hesab edirəm”.
Xatırladaq ki, Messi PSJ-yə 2021-ci ildə gəlib. Ulduz hücumçunun Paris klubu ilə müqaviləsi cari mövsümün bitməsi ilə başa çatacaq.
Cari mövsümdə Messi 40 oyunda PSJ-nin formasını geyinib, 21 qol vurub və 20 qol ötürməsi edib.