“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sent-Patriks Atletik”lə ilk oyununu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və İrlandiya təmsilçiləri arasındakı ilk qarşılaşma ötən gün rəqib meydanında baş tutub.
“Sabah” İrlandiyadakı ilk qarşılaşmada 0:1 hesablı məğlubiyyətə üzülüb. “Bayquşlar”ın xorvatiyalı baş məşqçisi Krunoslav Renduliç komandasının çıxışına belə qiymət verib:
“Əvvəlcə rəqibi təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idilər. İlk 10-12 dəqiqə demək olar ki, topa nəzarət tamamilə bizim tərəfimizdə idi. Lakin sonra lazımsız səhvlər etdik, qərarları vaxtında verə bilmədik. İkinci hissə başladıqdan 5-6 dəqiqə sonra azlıqda qaldıq. Bütün bunlara baxmayaraq, nəticə bizim üçün yaxşıdır. Biz ilk 90 dəqiqəni 1:0 hesabı ilə uduzmuşuq, hələ heç nə həll olunmayıb”.
Xatırladaq ki, “Sabah”la “Sent-Patriks Atletik” arasındakı cavab görüşü avqustun 15-də Masazırda baş tutacaq. Bu oyuna saat 20:00-da start veriləcək.


