Kevin Kubemba: “Sabah”a borcumu qaytarmağa çalışıram”

“Sabah”ın hücumçusu Kevin Kubemba Azərbaycan çempionatına gəlişindən danışıb.

Arena.az xəbər verir ki, fransalı futbolçu “Leparisien” nəşrinə açıqlamasında 2018-ci ildə transfer edildiyi “Səbail”ə keçidi barədə bunları söyləyib:

“Əvvəlki klubum olan “Səbail”də məni çox yaxşı qarşılamışdılar. Orada bir il oynadım. Həmin vaxt mənim kimi futbolçu axtarırdılar. Mən də onlara öz xidmətimi təklif etdim. Beləliklə, heç bir testdən keçmədən bu klubla müqavilə bağladım”.

Kubemba bildirib ki, getdiyi yeni ölkəyə hər dəfə daha tez uyğunlaşır: “Bu, daim səyahət edən futbolçunun həyatının bir hissəsidir. Bakıya ilk dəfə gələndə şəhər məni yaxşı mənada təəccübləndirdi. Şəhərin gözəl yerində yaşadığımız üçün xoşbəxtik. Evimizdən Xəzər dənizinə məsafə çox azdır. Amma orada üzə bilməzsən. Çünki axın çox güclüdür”.

2017/18 mövsümündə Bolqarıstanın ÇSKA klubunun formasını geyinmiş 28 yaşlı forvard paytaxt Sofiya ilə Bakını müqayisə edib: “Tanımadığım yerə gedəndə oranın tarixi, mədəniyyəti ilə maraqlanmağa çalışıram. Sofiyanı da Bakı qədər sevirəm. Hər ikisi gözəl şəhərdir və ortaq cəhətləri çoxdur”.

İki ildən çoxdur doğmalarını görmədiyini deyən təcrübəli oyunçu anası, qardaş-bacısı və uşaqlıq dostları üçün darıxdığını söyləyib: “Düzdür, əlaqə saxlamaq üçün xeyli vasitə var. Amma bu, fiziki təması əvəz etmir. Bolqarıstanda dəfələrlə olduğu kimi, ailəm hələ Azərbaycana gəlməyib”.

Cari mövsüm 5 qol vuran Kevin Kubemba “Sabah“ın Premyer Liqada autsayder olmasına da toxunub: “Klub mənə etimad göstərdi, mən də borcumu qaytarmağa çalışıram. Səyahət karyeram üçün həyati önəm daşımır. Əks halda başqa ölkəyə gedə bilərdim. Çünki təkliflərim var idi. Əsas ailəmin təhlükəsizliyidir”.