Portuqaliyanın “Eştrela” klubunun seneqallı mərkəz yarımmüdafiəçisi Latir Fall bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini həll edib. Qərb təmsilçisi yeni transferi Latir Falla 2 illik (1+1) müqavilə bağlayıb.
Latir Fall Seneqaldan olsa da, bütün karyerası Portuqaliyaya bağlıdır. O, peşəkar karyerasına “Şaveş”də başlayıb. 28 yaşlı futbolçu “Pedras Salqadas”, “Mirandela”, “Vilaverdense”, “Akademiko Vizeu”, “Feyrense” kimi klublarda da forma geyinib. O, ötən mövsüm “Eştrela”da 23 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Kəpəz” daha öncə Vurğun Hüseynov, Əli Səmədov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa, Bəxtiyar Həsənalızadə və Vladislav Vasilyuçeki də transfer etmişdi. Gəncə klubu “Qəbələ”dən Rüfət Əhmədovu, “Səbail”dən isə Elmir Tağıyevi də icarəyə götürüb. Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev, Kamran İbrahimov, Mate Krivkviya və Elnur Cəfərov da “Kəpəz”lə yeni müqaviləyə imza atıb.
Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya, Ahmed Ayzaya, Nicat Süleymanov və Zamiq Əliyev isə komandanı tərk edib.


