Leonardo Mbappe haqda: “Böyük oyunçudur, amma lider deyil”

PSJ-nin sabiq idman direktoru, keçmiş futbolçu Leonardo Kilian Mbappenin PSJ-ni tərk etməsi ilə bağlı yaranmış vəziyyəti şərh edib.

Arena.az bu barədə “L’Equipe” nəşrinə istinadən məlumat verir.

Braziliyalı mütəxəssisin fikrincə, PSJ futbolçudan qurtulmalıdır:

“Düşünürəm ki, heç nəyə baxmayaraq, Mbappenin PSJ naminə getməsinin vaxtı çatıb. PSJ Kilian Mbappedən əvvəl də var idi və ondan sonra da mövcud olacaq. Artıq altı ildir ki, o, Parisdədir və bu altı mövsümdə beş müxtəlif klub UEFA Çempionlar Liqasının qalibi olub. Onların heç birində Mbappe yer almayıb. Bu, o deməkdir ki, bu oyunçusuz da turnirdə qalib gəlmək tamamilə mümkündür.

Mbappe son iki ildəki davranışı ilə göstərdi ki, o, hələ komandanı həqiqətən idarə edə biləcək futbolçuya çevrilməyib. O, böyük oyunçudur, amma lider deyil. O, parlaq qolçudur, amma ixtiraçı deyil. Onun ətrafında komanda qurmaq çətindir”, deyə Leonardo mövqeyini açıqlayıb.

Xatırladaq ki, Leonardo Braziliya millisinin heyətində 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatının, 1997-ci il Amerika Kubokunun, 1997-ci il FIFA Konfederasiyalar Kubokunun qalibi olub. O, çıxış etdiyi komandaların heyətində aparıcı mövqeyi, liderlik keyfiyyətləri ilə fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: