Lionel Messi “525 Rosario” istehsalat şirkətini təsis etdi

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi ailəsi ilə birlikdə “525 Rosario” istehsalat şirkətini təsis etdiyini bəyan edib.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Şirkətin fəaliyyəti televiziya, kino və idman tədbirləri üçün birinci dərəcəli məzmunun istehsalından ibarətdir.

Şirkətin adı – “535 Rosario” Messinin anadan olduğu, Argentinda doğma şəhəri Rosarionun şərəfinə adlandırılıb. “525 Rosario” şirkəti Lionel Messi haqqında sənədli film layihələri ilə tanınmış “Smuggler Entertainment” şirkəti ilə əməkdaşlıq edir.

“Smuggler Entertainment” ilə yaratdığımız layihəni genişləndirmək və dünyəvi miqyasda məzmun yaratmaq imkanı məni çox ilhamlandıran bir xüsusdur”, deyə “Leo” bildirib.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 18 oyuna çıxıb, 16 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 32 oyun, 27 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 187 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: