Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasında 8-ci dəfə “Qızıl top” mükafatının qalibi olub.
Arena.az xəbər verir ki, “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibləri bu gün Paris şəhərindəki “Şatle” teatrında təşkil olunmuş təntənəli mərasimdə elan edilib.
Əsas mükafata Messi layiq görülüb. Argentinalı futbolçu karyerasında 8-ci dəfə bu titula sahib çıxıb. 36 yaşlı hücumçuya mükafatı “İnter Mayami”nin sahibi, əfsanəvi ingilis futbolçu Devid Bekhem təqdim edib.
Xatırladaq ki, Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub. O, daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu.
2023-cü ilin ən yaxşı qadın futbolçusu isə İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati seçilib.

İngiltərə millisinin və İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Cud Bellingem 2023-cü ilin ən yaxşı gənc futbolçusuna təqdim edilən “Kopa mükafatı”nın qalibi olub.
İlin ən çox qol vuran futbolçularına verilən “Gerd Müller mükafatı”nı bu dəfə Norveç yığmasının və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland qazanıb. O, ilin ən yaxşı hücumçusu seçilib. Ulduz forvard bu müddət ərzində 56 qolla yadda qalıb.
Mərasimdə “Lev Yaşin mükafatı”nın da qalibi bəlli olub. Bu titula Argentina millisinin və İngiltərənin “Aston Villa” klubunun qapıçısı Emiliano Martines sahib çıxıb.
Tədbirdə “Sokrates mükafatı”nın da qalibi müəyyənləşib. Mükafat İspaniyanın “Real” klubunun braziliyalı hücumçusu Vinisius Juniora verilib. O, bu mükafata ictimai və xeyriyyə layihələrində iştirak etdiyi üçün layiq görülüb.
“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı klubları da açıqlanıb. Kişi komandalar arasında bu ada İngiltərə çempionu “Mançester Siti” layiq görülüb. Hansı ki, sözügedən komanda geridə qalmış mövsümdə UEFA Çempionlar Liqasının qalibi olmuşdu. İlin qadın komandası isə İspaniya nəhəngi “Barselona” seçilib.


