Lionel Messi Amerika Kubokunda mütləq rekordçu oldu

Futbol üzrə Argentina milli komandasının və “İnter Mayami”nin hücumçusu Lionel Messi Amerika Kubokunun tarixinə düşüb.

Arena.az xəbər verir ki, o, bu turnirdə ən çox matç keçirən futbolçu ünvanına yiyələnib.

36 yaşlı futbolçu bunu Kanadaya qarşı açılış qarşılaşmasında gerçəkləşdirib. Forvard ümumilikdə bu turnirdə 35-ci matçına çıxıb.

Messi həm də 7 Amerika Kubokunda iştirak edən ilk argentinalı futbolçu olub.

Qeyd edək ki, Argentina millisi bu yarışın 15 qat qalibidir.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

Messi “İnter Mayami”dən öncə Fransada PSJ, İspaniyada isə “Barselona” klublarının formasını geyinib.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 183 oyun keçirib, 108 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: