Hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi keçmiş klubu “Barselona”nın yenidən çoxlu qənimətlər qazanacağına ümidvardır.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, argentinalı ulduzun bu barədə fikrini təqdim edir:
“Mən ümidvaram ki, klub əvvəlki vəziyyətinə qayıda bilər. Həm də bir dünya ölçüsü olaraq, hansı ki, o heç vaxt dayanmayıb, hər mövsümün sonuna qədər qənimətlər uğrunda mübarizə aparır. Bir “Barsa” oyunçusu olaraq heç vaxt ikinci yerlə və ya qələbələrin olmaması ilə kifayətlənə bilməzsiniz. Çünki azarkeşlər və tərəfdarlar sizdən ən yaxşısını tələb edirlər. Dünyanın ən yaxşı klubu olmaq – böyük məsuliyyət deməkdir. İstərdim ki, “Barsa” yenidən La Liqanı, Kral Kubokunu və UEFA Çempionlar Liqasını qazansın. Bunun uğursuz olduğu illərdə isə heç olmasa son ana qədər mübarizə aparmalıdırlar”, deyə “Leo” vurğulayıb.
Messidən “Barselona” azarkeşlərinə ismarış
Messi həm də “Barselona” azarkeşlərinə ismarış ünvanlayıb:
“Barselona azarkeşlərinə ismarışım? Mən sizin üçün çox darıxıram və ümidvaram ki, tezliklə sizinlə yenidən görüşəcəyik. Siz, dünyanın ən yaxşı klubunun bir hissəsi olmaqdan qürur duymalısınız”, deyə “Leo” vurğulayıb.
Xatırladaq ki, Messi 2003-2021-ci illər aralığında “Barselona”nın uğurları üçün çalışıb. “Leo” “baluqrana”nın heyətində 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə verib.
Messi “Barselona” ilə bütün mümkün ali klub yarışlarında dəfələrlə qalibiyyətlər əldə edib, şəxsi və klub rekordları müəyyənləşdirib.
“Leo” 2021-ci ildə “Barselona”dan azad agent qismində ayrılaraq, PSJ-yə keçib.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 23 qol vurub və 13 məhsuldar ötürmə verib.
Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.


