Lionel Messi: “Barselona”dan getməyə hazır deyildim”

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi 2021-ci ilin yayında PSJ-yə keçməsi ilə bağlı xatirələrini paylaşıb.

Arena.az məlumat verir ki, Messi “Big Time” podkastına müsahibəsində əvvəlki klubu “Barselona”da qalmaq istədiyini etiraf edib və transferinin plansız olması səbəbindən Parisə uyğunlaşmasının mümkün ola biləcəyindən daha çətin olduğunu vurğulayıb:

“PSJ-yə keçid mənim üçün çətin oldu, çünki “Barselona”da çox yaxşı vaxt keçirmişdim və orada qalmağı düşünürdüm. Getməyə hazır deyildim, hər şey çox tez oldu, adi həyatımı dəyişməli oldum. Mən fərqli bir liqaya, fərqli kluba, fərqli bir paltardəyişmə otağına düşdüm. Bu, planlaşdırılmamış bir dəyişiklik idi, buna görə də bu qədər çətin idi”, deyə “Leo” bildirib.

Xatırladaq ki, Messi “Barselona”dan PSJ-yə azad agent qismində keçməyə məcbur olmuşdu. Fransa nəhənginin heyətində 2 illik Paris macərasından sonra, ötən ilin yayında “Leo” parislilərin düşərgəsini də azad agent qismində tərk edərək, ABŞ MLS təmsilçisi “İnter Mayami”yə qoşulmuşdu.

Lionel Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Vurğulayaq ki, Messi hazırda yüngül zədədən əziyyət çəkir və bərpa ilə məşğuldur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: