Lionel Messi bud nahiyəsindən aldığı zədəsini sağaltdı

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi bud nahiyəsindən aldığı zədəsini sağaldaraq, ümumi dəstədə məşqlərə qayıdıb.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Messi aprelin 2-də Meksika təmsilçisi “Monterrey”lə CONCACAF Çempionlar Kubokunun 1/4 final görüşünün ilk oyunu ərəfəsində komandanın səhər məşqində görünüb. Oyun aprelin 3-də keçiriləcək.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası bütövlükdə 19 oyun, 16 qol və 7 assistdən ibarətdir. O, daha öncə PSJ və “Barselona”da forma geyinib.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: